Septoplastika
Burunun orta xəttində mövcud olan burunu ortadan iki yerə ayıran hissə burun çəpəri - yəni septum adlanır. Müxtəlif səbəblərlə septumun doğru yerləşmədiyi zaman burun çəpər əyriliyi ( septum deviasiyası ) dediyimiz hal meydana gəlir. Burun çəpər əyriliyi zamanı qığırdaq və sümükdən ibarət olan septum adlı sümük insanın burundan nəfəs almasını çətinləşdirir. Hətta bəzi zamanlarda burun dəliklərinin tamamilə qapanmasına səbəb olur. Çox vaxt fiziki travma keçirmiş insanlarda meydana gələn narahatçılıqdır. Bəzən anadangəlmə, bəzən də genetik səbəblərdən meydana gələ bilir.
Septum deviasiyasından əlavə burunda konxa adlanan yumuşaq toxumaların iltihablanması da xəstədə nəfəs alma problemləri yaradır.
Burun çəpər əyriliyi nəfəs almaqda çətinlik, xroniki burun tıxanıqlığı, ara – sıra rast gəlinən burun qanaxmaları, təkrarlanan sinus infeksiyaları, xoruldama, selikli axıntı kimi narahatçılıqlara səbəb ola bilir. Eyni zamanda ürək – damar və hipertenziya problemləri olan insanlarda bu xəstəliklərin irəliləməsinə səbəb olur.
Septum adı verdiyimiz burun çəpərinin müxtəlif səbəblərdən əyri olduğu zaman burun və qığırdaq toxumasının nizama salındığı cərrahi əməliyyat Septoplastika adlanır.
Əməliyyatdan öncə xəstənin burun çəpər əyriliyi qiymətləndirilir. Bu məqsədlə radioloji müayinə üsullarından və burun içi kameralardan istifadə olunur.
Əvvəllər Septoplastika əməliyyatında yerli keyitmə üsulundan istifadə edilsə də, hal – hazırda ümumi anesteziya tətbiq olunur.
Əməliyyat xəstənin vəziyyətindən asılı olaraq açıq və qapalı olmaqla aparıla bilər.
Əməliyyatdan 2 – 3 gün sonra tətbiq olunan tamponlar çıxarılır. Bu əməliyyat üz və sümük quruluşunun formalaşması məqsədilə 18 – 20 yaş aralığında və ya bu yaşdan sonra tətbiq olunur. Əgər hər hansı travma sonrasında yaranan burun qırığı və travmaya bağlı bir problem varsa erkən yaşda da Septoplastika tətbiq olunur.
Cərrahi müdaxilədən 4 – 5 saat sonra xəstədə xüsusi bir narahatçılıq olmadığı təqdirdə xəstə evə buraxıla bilər.
Əksər hallarda xəstənin üzündə şişkinlik və göyərmə nəzərə çarpmır. Bəzi hallarda Septoplastika və Rinoplastika əməliyyatı birlikdə tətbiq olunur.