Qulaq pərdəsi dəliyinin əməliyyatı
Təbil pərdəsi xarici qulaqla orta qulağın arasında yerləşir və orta qulağı xarici təsirlərdən qoruyur. Təbil pərdəsi qulağımızla qəbul etdiyimiz səsləri özündə rezonans yaradaraq orta qulağa ötürən hissədir. Xüsusən uşaq yaşlarında keçirilən orta qulaq iltihabı təbil pərdəsində incəlmələrə, çökəkliyə, qulağın məruz qaldığı güclü zərbələr və barotravmalar isə təbil pərdəsində yırtıqlara səbəb olur. Bu travmalardan sonra qulaqda qanaxma, eşitmə zəifliyi, şiddətli ağrı kimi əlamətlər ortaya çıxır. İnfeksiyalardan sonra isə qulaqda cingilti, eşitmə zəifliyi və axıntı kimi əlamətlər müşahidə olunur.
Təbil pərdəsi ilə bağlı əməliyyatdan öncə ən önəmli kriteriya axıntı olmamasıdır. Öncə xəstə müayinə edilir. Axıntı yoxdursa və səslərin ötürülməsi hədsiz ləng deyilsə təbil pərdəsi əməliyyat edilərək uğurlu nəticə almaq mümkündür. Səsin ötürülməsi prosesində ciddi azalma varsa bu orta qulaqdakı sümüklərdən birindəki qeyri – funksionallıqdan xəbər verir. Təbil pərdəsi əməliyyatı zamanı ehtiyac varsa orta qulaqdakı sümüklərə də müdaxilə edilir.
Təbil pərdəsinin dəlinməsi zamanı erkən dönəmdə müdaxilə edilmədiyi təqdirdə kiçik bir dəlik daha da böyüyərək əlamətləri kəskinləşdirir.
Bəzən uşaqlarda müşahidə olunan qulaq axıntıları bir müddət sonra təbil pərdəsinin deşilməsinə səbəb olur. Təbil pərdəsi bəzi hallarda özü – özünü bərpa edə bilir. Əksər hallarda isə kiçik görünən bu narahatçılıq zamanla əməliyyata ehtiyac olacaq qədər təbil pərdəsinə zərər verir.
Təbil pərdəsini qorumaq üçün burun tıxanıqlığı, sinusit kimi narahatçılıqları olan insanların sualtı üzgüçülük və təyyarə səyahətlərindən uzaq durmaqları lazımdır.
Təbil pərdəsini bərpa etmək üçün keçirilən əməliyyatda suni təbil pərdəsi tətbiq olunmur, xarici qulaq yolundakı qığırdaqdan bir hissə alınaraq təbil pərdəsinin əvəzlənməsi üçün istifadə olunur.
Təbil pərdəsinin dəlinmə səbəbləri
• orta qulaq infeksiyası
• yüksək səs
• qulağa yad cisim girməsi
• baş bölgəsində güclü travma
Təbil pərdəsinin dəlinməsini təyin etmək məqsədilə otoskop adlı cihazdan istifadə olunur. Qulaq – burun –boğaz həkimi otoskop vasitəsilə qulağı müayinə etdiyi zaman təbil pərdəsinin hansı ölçüdə dəlindiyi və dəliyin yeri ilə bağlı məlumat əldə edir.
Əməliyyat zamanı cərrah əksər hallarda estetik yöndən narahatçılıq olmaması üçün qulağın xarici hissəsində kəsik aparmır. Belə olduğu təqdirdə xəstə qısa zamanda normal həyatına qayıda bilir. Əməliyyat zamanı qulağa əriyəbilən süngərlər qoyulur. Süngərlər 20 gün müddətində yavaş – yavaş əriyir. Bu səbəbdən 20 gün müddətində xəstədə eşitmə zəifliyi müşahidə olunur.
Bu əməliyyat 12 yaşa qədər uşaqlarda ciddi eşitmə zəifliyi olarsa mütləqdir. Əgər eşitmə zəifliyi azdırsa 12 yaşdan sonra əməliyyatın icra olunması məsləhətlidir.
Əməliyyatdan 1gün sonra xəstə evə buraxıla bilər.