info@lorhospital.az | ƏLAQƏ
Əsas Səhifə » Eşitmə mərkəzi

Eşitmə mərkəzi

Azərbaycanda ilk dəfə olaraq LOR Hospitalda Audiologiya Mərkəzi fəaliyyətə başlamışdır. Bu mərkəzdə   audiometriya, timpanometriya, otoakustik emisyon, eşitmənin skrininq müayinəsi, BERA (eşitmənin beyin sapı cavabları) kimi müayinələr həyata keçirilir.

Yaş qrupundan asılı olaraq audiometriyanın aşağıdakı növləri var:

 a)Saf səs audiometriyası- Eşitmənin dəyərləndirilməsində saf səslərin istifadəsinə əsaslanan standart davraniş testidir.  5 yaşdan yuxari şəxslərdə qulaqlıqlardan istifadə edərək  eşitmə azlığının dərəcəsi və tipi təyin edilir.

b) Oyun audiometriyası - Az yaşlı  uşaqlarda oyunla şərtlənmiş saf səs audiometriyasıdır. Əsasən 3 - 6 yaş arası uşaqlarda aparılır .

c) Davranış audiometriyası -  6ay - 4 yaş arası uşaqlarda sərbəst sahədə səs gücləndiricilərlə saf səslərin göndərilməsinə əsaslanan eşitmə müayinəsidir.

 

     Sərbəst sahədə eşitmənin müayinəsi   audiometriyanın tərkib hissəsi olub, 6 aydan 4 yaşa qədər olan uşaqlarda (qulaqlıq taxa bilməyən uşaqlarda) həyata keçirilir. Bu zaman uşaq valideyinlə birlikdə sərbəst sahədə  masa arxasında yerləşdirilir. Ondan bir metr aralı məsafədə  səs gücləndiricilər qoyulur. Müxtəlif desibellərdə və tezliklərdə səslər göndərməklə uşağın səsə reaksiyası aşkarlanaraq eşitmə haqqında ümumi məlumat əldə edilir. Bundan başqa, bu üsulun köməyi ilə eşitmə cihazı istifadə edən və koxlear implant əməliyyatı olunmuş şəxslərin də cihazlı müayinəsini apararaq, cihazdan hansı dərəcədə fayda görmələrini  aşkarlamaq mümkün olur.

 Otoakustik emisyon (OAE) - Obyektiv müayinə metodudur. Xarici qulaq keçəcəyinə yerləşdirilən prob vasitəsilə koxleada yerləşən  xarici tük hüceyrələrinin çalışıb-çalışmadığı   müəyyən olunur.

 

 BERA -  Ya təbii, ya da sedasyon yuxu şəraitində aparılan obyektiv müayinə metodudur. Alına ve mastoid uzərinə yerləşdirilən kiçik elektrodlar və qulağa qoyulan qulaqlıq ilə səslər göndərilərək eşitmə sinirinin bioelektrik potensialları qeyd edilir. Bu müayinə hər yaş qrupundan olan şəxslərə tətbiq oluna bilər. Eyni zamanda psixoloji problemli, zehni inkişafdan geri qalmış, simulyasiya edən şəxslərə və eşitmə testi aparılması mümkün olmayan uşaq xəstələrə də heç bir zərər vermədən   tətbiq olunur.

Timpanometriya - müayinəsi vasitəsilə orta qulaq təzyiqinin ölçümü və akustik reflekslərin təyini aparılır. Müxtəlif orta qulaq patologiyalarının meydana çıxmasında çox önəmli bir müayinə metodudur. Xarici qulaq keçəcəyinə prob yerləşdirilərək timpanoqram çəkilir.Timpanoqramin tiplərinə görə orta qulaqda baş verən patoloji prosses haqqında məlumat əldə etmək olur.